Avrokuboklar səbəbindən Türkiyə Super Liqasının 3-cü turunda təxirə salınan qarşılaşmalar keçirilir.

UEFA-nın təşkil etdiyi turnirlərə qatılan komandalardan “Adana Dəmirspor” və “Beşiktaş” kollektivləri “Yeni Adana” Stadionunda üz-üzə gəliblər. Görüşə çox yaxşı başlayan meydan sahibləri 8-ci dəqiqədə hesabı açıblar. Yunes Belhanda uzaqdan qüvvətli zərbə ilə topu qapıdan keçirib. Çox keçmədən fərq artıb. Mbaye Nianq da uzaqdan qapını dəqiq nişan alıb. Fasilədən sonra meydan sahibləri daha iki dəfə rəqibi mərkəzə dəvət ediblər. 59-cu dəqiqədə Emre Akbaba komandasının 3-cü qolunun müəllifi olub. Az sonra Naninin ötürməsini Yusuf Erdoğan qolla tamamlayıb. “Beşiktaş” futbolçuları buraxılan toplardan ikisinin əvəzini çıxıblar. Vinsent Abubakar və Milot Raşitsa fərqlənib. “Adana Dəmirspor” – “Beşiktaş” 4:2. Beləliklə, “Adana Dəmirspor” 35 il sonra İstanbul təmsilçisi “Beşiktaş”ı məğlub etməyi bacarıb. Komanda sonuncu dəfə 1988-ci ildə öz meydanında 2:0 hesabı ilə qalib gəlmişdi. Qələbə sayəsində xallarının sayını 11-ə çatdıran Adana klubu turnir cədvəlində 3-cü pilləyə yüksəlib. 10 xalı olan “Beşiktaş” isə 6-cıdır. Çempionata 16 xalla “Qalatasaray” başçılıq edir. 15 xalı olan “Fənərbağça” ikincidir.